Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən ali təhsil müəssisələrində keçirilən maarifləndirici silsilə tədbirlər çərçivəsində növbəti görüş Bakı Ali Neft Məktəbində təşkil olunub. Tədbirin məqsədi tələbələrin sağlamlıq mövzularında, xüsusilə orqan donorluğu sahəsində məlumatlandırılmasının təmin edilməsidir.
Tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin Tələbələrlə İş Şöbəsinin müdiri Taleh Masurov açıb. O, çıxışında bu cür maarifləndirici görüşlərin gənclərin sağlamlıqla bağlı biliklərinin artırılmasına və cəmiyyətdə sosial məsuliyyət hissinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib.
Ardınca Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək orqan donorluğunun mühüm əhəmiyyət daşıdığını bildirib. O, donorluğun könüllülük prinsipləri əsasında həyata keçirildiyini və bu prosesin insan həyatının xilas olunmasında vacib rol oynadığını vurğulayıb.
Daha sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova çıxış edərək mövzu üzrə ətraflı məlumat təqdim edib. O, donor olmaq üçün mövcud tibbi tələblər, müayinənin mərhələləri və prosesin təhlükəsiz şəkildə təşkil olunduğu barədə iştirakçılara məlumat verib.
Sonda tələbələrin mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılıb və görüş interaktiv müzakirə formatında davam etdirilib. Maarifləndirici tədbir tələbələrin fəal iştirakı və ölümündən sonra donor olmaq üçün Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən razılıq ərizəsini imzalamaları ilə başa çatıb.